Azərbaycan Sığortaçılar Assosiasiyasının Həyat komitəsinin sədri “PAŞA Həyat Sığorta” Şirkətinin Risklərin idarəedilməsi departamentinin rəhbəri Fərid Abdullayevdir.
Fərid Abdullayevi bir az yaxından tanıyaq.
Fərid Abdullayev 2007-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə fakultəsi üzrə Vergi işinin təşkili və idarəedilməsi ixtisası üzrə bakalavr və 2011-2013-cü illərdə Biznesin İdarəedilməsi ixtisası üzrə magistr təhsili almışdır. 2015-ci ildə DSNX tərəfindən təşkil edilmiş məsul aktuari imtahanını müvəffəqiyyətlə keçmişdir.
F.Abdullayev əmək fəaliyyətinə 2011-ci ildən “Paşa Həyat Sığorta” şirkətində başlamış və burada anderraytinq üzrə mütəxəssis, aktuariat üzrə mütəxəssis və baş mütəxəssis, məsul aktuari, aktuariat şöbəsinin müdir müavini, baş risk inzibatçısı kimi vəzifələrdə çalışmışdır.
Öz sahəsi üzrə kifayət qədər bilik və bacarığa malik olan F.Abdullayev 2013-cü ildə Almaniyanın Köln şəhərində Avropa Aktuari Akademiyası tərəfindən təşkil olunan “Actuarial Enterprice Risk Management” təlimində, 2016-cı ildə “Gen Re” Təkrarsığorta şirkəti tərəfindən təşkil olunan “Management and Leadership” kursunda, 2017-ci ildə Xprimm İnternational tərəfindən Avstriyanın Vyana şəhərində təşkil olunan “IFF 2017- İnsurance in the Digital World Conference” adlı geniş miqyaslı tədbirdə iştirak edərək bu sahədəki nəzəri və praktiki biliklərini daha da artırmışdır.
Hal-hazırda “PAŞA Həyat Sığorta” şirkətinin Risklərin idarəedilməsi departamentinin müdiri və aktuarisi vəzifəsini icra edən F.Abdullayev sığorta bazarının aktuarial dəyərləndirilməsi, risklərin idarəedilməsi baxımından böyük təcrübə və səriştəyə malikdir.
Azərbaycan Sığortaçılar Assosiasiyasının 26 Fevral 2018-ci il tarixli Müşahidə Şurasının qərarına əsasən, Həyat komitəsinin sədri təyin edilən F.Abdullayev həyat sferasında fəaliyyət göstərən şirkətlər üçün mübahisəli və ziddiyyətli hesab olunan halların həlli və aradan qaldırılması istiqamətində bütün səylərini göstərir.