Tamara Mustafayeva, Banco.az
"Apple" firmasının böyük maraqla gözlənilən ənənəvi sentyabr tədbirində yeni məhsullar ictimaiyyətə təqdim edilib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, dünən Bakı vaxtı ilə 21:00-da baş tutan və şirkətin Kaliforniya ştatındakı baş mərkəzi "Apple Park"dan onlayn formatda canlı yayımlanan tədbirdə "iPhone 13" modelləri ilə yanaşı yeni "iPad mini" və "Apple Watch 7" də ilk dəfə tanıdılıb. Şirkət CEO-su Tim Kukun nitqi ilə başlayan mərasimdə təqdim edilən məhsulların xüsusiyyətləri və qiymətləri ilə belədir:
Məlum olduğu kimi, tədbirdə tanıdılan yeni "iPhone" seriyasına "iPhone 13 mini", "iPhone 13", "iPhone 13 Pro" və "iPhone 13 Pro Max" modelləri daxildir. Bu modellərdən "iPhone 13 mini" və "iPhone 13" 12 meqapiksellik ultra-geniş kamera ilə təchiz olunub ki, dizayn baxımından əvvəlki modellə arasındakı ən böyük fərq kameranın yeridir.
Sözügedən iki modelin qırmızı, ağ, qara, mavi və çəhrayı olmaqla beş müxtəlif rəng seçimi mövcuddur.
Yeni modellərin batareya həcmində də təkmilləşmə edilib. Belə ki, "iPhone 13 mini" "iPhone 12 mini"ə nəzərən 1,5 saat, "iPhone 13" "iPhone 12"ə nəzərən isə 2,5 saat daha uzun müddət enerjiyə qənaət edir.
"iPhone" seriyasının bu dəfəki yüksək səviyyəli modelləri isə "Phone 13 Pro" və "iPhone 13 Pro Max" olub.
Qara-boz, qızılı, gümüşü və mavi olmaqla dörd müxtəlif rəngdə istifadəçilərin bəyənisinə təqdim edilən "iPhone 13 Pro" və "iPhone 13 Pro Max" modelləri A15 Bionic prosessoru ilə təchiz edilib. 1 TB-lik daxili yaddaş ilə bu vaxta qədərki ən böyük yaddaşa malik "iPhone" modelləri olan bu modellərin ön sifarişi Avstraliya, Kanada, Çin, Almaniya, Hindistan, Yaponiya, Birləşmiş Krallıq, ABŞ və daha otuzdan çox ölkədə sentyabrın 17-dən etibarən aktiv ediləcək. Şirkət "iPhone 13 Pro" və "iPhone 13 Pro Max" modellərinin satışı üçün başlanğıc qiyməti müvafiq olaraq 999 dollar və 1099 dollar müəyyən edib.
Eyni tarixdə ön sifarişlərin qəbul ediləcəyi "iPhone 13 mini" və "iPhone 13" modellərinin isə başlanğıc qiyməti müvafiq olaraq 699 dollar və 799 dollar təyin edilib.
Texnologiya nəhənginin dünənki tədbirdə tanıtdığı digər məhsulu yeni "iPad Mini" üçün isə bu gündən etibarən şirkətin rəsmi saytında sifariş bölməsi aktiv olacaq. Wi-Fi modelli "iPad mini" üçün başlanğıc qiyməti 499 dollar, Wi-Fi + Cellular modelli versiyası üçün isə 649 dollar nəzərdə tutulub.
Nəhayət sonuncu məhsul olan "Apple Watch 7" seriyası qara-boz, qara, gümüşü, mavi və qırmızı olmaqla beş müxtəlif rəng seçimi ilə təqdim edilib.
Yeni modelin başlanğıc qiyməti isə 399 dollar təşkil edir.
Aşağıdakı videodan təqdimat mərasiminin icmalı ilə tanış ola bilərsiniz:
Bizi sosial şəbəkələrdən izləyin!!