Anaların tez-tez işlətdikləri sözlər iş dünyasında necə köməyinizə çata bilər? | Banco.az

Anaların tez-tez işlətdikləri sözlər iş dünyasında necə köməyinizə çata bilər?

İş dünyası zamanla dəyişsə də, analarımızın söylədiyi sözlər maraqlıdır ki, hansısa bir formada bu sferada öz təsdiqini tapır.

Anaların qəlibləşmiş bəzi sözlərinin, əslində risk iadrəetməsi ilə bağlı tərəflərinin olduğunu desək, inanarsınızmı? Analar təhlükələrə qarşı çox həssasdırlar. Odur ki, anaların sözünə qulaq asmaq iş həyatında, startap şirkətlərin idarəsində riskli vəziyyətlərə düşmə ehtimalını azaldır. Üstəlik, anaların bu “konsultasiya” xidmətləri ödənişsizdir...

1. “Dostun özünü pəncərədən atsa, sən də atacaqsan?”

İş həyatına yeni qatılan startap qurucuları özlərinə uyğun mühitə daxil olmaq istəyirlər. Digər layihə və ya şirkətlərlə, tanışlar və ya dostlarla birlikdə işləmək çox uğurlu yeniliklərə səbəb olsa da, ancaq bəzən də ötəri həvəslərə qapılmağa yol aça bilər.

Məsələn, dostlarınız öz işlərində hansı yeniliklərə müraciət edirlərsə, bu sizin də həmin yeniliklərə meyl etməyinizə səbəb ola bilər. Ancaq çoxluğun müraciət etdiyi üsulları tətbiq etmək sizi öz sahənizdə daha yaxşı işlər görməkdən, daha yaradıcı üsullar kəşf etməkdən yayındırar.

2. “İşığı söndür və yat”

Hər hansı bir işə rəhbərlik etmək çox güclü enerji, özünü tamamilə bu işə həsr etmə və fikrini bu istiqamətə yönəltməyi tələb edir.

İş dünyasının yazılmamış qaydalarından biri də çox çalışmaqdır və yuxu zəiflik göstəricisi hesab edilir. Reallıq isə belədir ki, kifayət qədər yata bilməmək insanı həm neqativ düşüncəli və yorğun edər, həmçinin problem həll etmə bacarığına və yaradıcılığa da mənfi təsir göstərər. Bütün bunlar isə məhsuldarlığa birbaşa təsir göstərən amillərdir.

Bir saat daha işləmək imkanı olduğu halda kompüteri söndürüb yatmağa getmək sizə doğru gəlməyə bilər, ancaq uzun vədəli uğura nail olmaq üçün yuxu rejiminə də düzgün əməl etməlisiniz.

3. “Boşqabındakıların hamısını ye”

Ən sərfəli kredit üçün müraciət et

Düzgün qidalanma sağlamlığınız və işdəki məhsuldarlığınız üçün ən azı yuxu qədər əhəmiyyət kəsb edir. Bunu hər birimiz bilsək də, gündəlik gərgin iş rejimi şəraitində əksərən əməl edə bilmirik. Odur ki, analarımızın bu məsləhətini də nəzərə alıb işləri həddindən artıq çox olsa belə, nahar vaxtını düzgün dəyərləndirməli, iş arasında çay və ya kofe fasiləsinə çıxmalıyıq.

4. “Təkrar biliyin anasıdır”

Analar uşaqlarına hər hansı bir işi vaxtında yerinə yetirməklə bağlı bir məsləhəti dəfələrlə verir, hansısa işdən uzaq durmalarını bir neçə dəfə israrla təlkin edirlər.

Analar üçün bitib tükənməyən bir xəyal qırıqlığıdır, bu. Hər birimiz analarımızın o məşhur “səs tonu” – nu eşidən kimi dərhal otağımızı toplamağa başlayardıq. Bu, iş sahibləri üçün də keçərlidir. Müştəri və işçilərlə ünsiyyət qurarkən çatdırmaq istədiyiniz fikrin qarşınızdakı insan tərəfindən ilk dəfədən düzgün başa düşülməsini zənn etmək doğru deyildir. Əslində dəfələrlə deyilsə belə, yenə də düzgün başa düşülməmə ehtimalı olduğunu nəzərə almaq lazımdır.

5. “Qalın geyin, bayırda hava soyuqdur”

Uşaq vaxtı qalın geyinməkdən imtina edib daha sonra günlərlə xəstə yatdığımızı yəqin ki, xatırlayırıq. Bu, əslində, tədbirli olmağın ən təsirli vasitə olduğunu öyrəndiyimiz ilk bəsit nümunə idi.

Bu gün iş həyatında bəlkə də daha yüksək keyfiyyətli xidmət üçün çox pul xərcləmək istəməyə bilərsiniz. Ancaq yüksək keyfiyyətli məhsul və xidmətlərə ödəyəcəyiniz böyük məbləğdə vəsait sizə mütləq geri dönəcəkdir. Odur ki, tədbirli davranıb daha böyük uğura nail ola bilərsiniz.

Həmçinin oxu: “Harri Potter” dən öyrəniləcək 5 marketinq dərsi

Tamara Mustafayeva, Banco.az