Agentliyin nümayəndə heyəti Cənubi Koreyada səfərdədir | Banco.az

Agentliyin nümayəndə heyəti Cənubi Koreyada səfərdədir

Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev və Agentliyin Strateji təhlil departamentinin Statistika şöbəsinin müdiri Tural Qulu  Cənubi Koreya Milli Assambleyasının Səhiyyə və Rifah Komitəsinin dəvəti ilə işgüzar səfərdədirlər.

Səfər çərçivəsində görüşlər 23-27 iyun tarixlərində keçirilib.

Azərbaycan nümayəndə heyətini Cənubi Koreya Milli Assambleyasının sədri Mun Hi-sanq qəbul edib. Sədr Cənubi Koreyada icbari tibbi sığortanın tətbiqi təcrübəsi, sistem çərçivəsində vətəndaşlara göstərilən tibbi xidmətlər, xidmətlərin keyfiyyətinə nəzarət sistemləri sahəsində Respublikada mövcud qanunvericilik bazası haqqında məlumat verərək, Azərbaycanla mümkün əməkdaşlıq istiqamətləri haqqında danışıb.

İki ölkə arasında mövcud əməkdaşlığı müsbət qiymətləndirən Milli Məclisin Səhiyyə Komitəsinin sədri Ə.Əmiraslanov ölkəmizdə səhiyyə sistemi ilə bağlı aparılan islahatlar barədə məlumat verib. O bildirib ki, gələn ildən etibarən ölkə üzrə icbari tibbi sığortanın tətbiqi məqsədilə mövcud qanunvericilik təkmilləşdirilir. 

Ən sərfəli kredit üçün müraciət et

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev ölkə üzrə icbari tibbi sığortanın tətbiqi istiqamətində görülən işlər, pilot layihə çərçivəsində əldə olunan təcrübə və müsbət nəticələr barədə məlumat verib. O bildirib ki, pilot layihənin iki illik nəticələrinə görə ölkəmiz icbari tibbi sığortanın tətbiqi və sonrakı inkişafı üçün lazımi şəraitə, zəruri potensial, resurs və imkanlara malikdir.

Səfər çərçivəsində nümayəndə heyətinin Koreyanın Səhiyyə və Rifah naziri Park Neunqhu, Tibbi Sığortaya Baxış və Qiymətləndirilmə Xidmətinin prezidenti  Kim Singtek, Koreya Əczaçılıq və Bio-əczaçılıq İstehsalçıları Assosiasiyasının (KPBMA) sədri Von Hi-Mok və Milli Tibbi Sığorta Xidmətinin  prezidenti Kim Yong-Ik ilə bir sıra görüşləri baş tutub. Görüşlərdə heyət Koreyanın tibbi sığorta sistemi, sistemin ümumi təşkili, tibbi xidmətlərin göstərilməsi, tibbi sığorta sahəsində informasiya texnologiyalarının tətbiqi və mövcud monitorinq mexanizmləri ilə tanış olublar.