Müəllif - Aida İsaq, Banco.az
“The Guardian” qəzeti 2022-ci ilin ən uğursuz texnologiya şirkətlərinin liderlərinin adlarını açıqlayıb.
Banco.az xəbər verir ki, “Theranos”un təsisçisi Elizabet Holms və FTX kriptovalyuta birjasının baş direktoru Sem Bankman-Frid ən mənfi reaksiyaları alan şəxslər olub. Belə ki, "gələcəyin Stiv Cobsu" hesab edilən Elizabet məhkəməylə təsdiq edilən fırıldaqçılığa yol verməsi sonradan onun haqqında müsbət fikirdə olanları hüsrana uğratdı. Eyni zamanda cari ilin noyabr ayında FTX kriptovalyuta birjasının çöküşü S.B.Fridin də bu siyahıya düşməsini təmin etdi. Siyahıya həmçinin “Meta” şirkətinin rəhbəri Mark Zukerberq, 2021-ci ilin iyulunda şirkətin rəhbəri postunu tərk etmiş “Amazon”un qurucusu Ceff Bezos və “Twitter”in yeni rəhbəri İlon Maskın adları da yer alır.
M.Zukerberq bu ilin fevralında korporativ səhmlərin rekord dərəcədə azalması, eləcə də bir gündə 11 minə yaxın işçini ixtisar etmək qərarına görə uğursuz lider hesab edilib. Bezos “Amazon”da kütləvi ixtisarlara və xeyriyyəçilik vasitəsilə statusunu gücləndirmək cəhdlərinə görə tənqid olunub. İlon Mask isə “Twitter”in rəhbəri kimi bir çox qərarlarına görə (kütləvi ixtisarlar, yeni qaydaların formalaşması, məsafədən işləməyin ləğv olunması və s.) qınanılıb.
Bundan başqa siyahıda İlon Muskun şirkəti satın almasına şərait yaradan “Twitter”in keçmiş baş direktoru Paraq Aqraval da yer alır. O, məhz bu addımına görə tənqidlərə tuş gəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!