Müəllif: Tamara Mustafayeva, Banco.az
Ötən həftə dünya bazarlarının gündəmində “G20 Liderlər Zirvə Görüşü”nə dair müddəalar, inflyasiya narahatlıqları və digər oxşar məsələlər olub.
Banco.az geridə qoyduğumuz həftənin maraqlı məqamlarını diqqətinizə çatdırır.
1. Qlobal iflasların artacağı proqnozlaşdırılır
Hazırda dünyanın müxtəlif ölkələrində, xüsusən də Avropada hökm sürən başda enerji böhranı olmaqla iqtisadiyyatın digər sahələrində də bir sıra problemlərin olması yaxın gələcəkdə əksər şirkətlərin müflisləşməsinə səbəb olacaq. Fransanın “Allianz Trade” adlı beynəlxalq sığorta şirkəti bu səbəbdən İngiltərədə 42 min, Fransada 18 min 700, Almaniyada isə 28 min 400 şirkətin iflas edə biləcəyini açıqlayıb.
2. Mark Zukerberq “Facebook”un taleyi ilə bağlı əsaslı qərarlar qəbul edib
ABŞ-ın texnologiya nəhəngi “Meta” şirkətinin CEO-su Mark Zukerberq uzun müddətdir gözlənilən smart displey (ağıllı ekran) və smartwatch (ağıllı saat) layihəsini dayandırmaqla yanaşı, şirkətin metakainat inkişaf bölməsi “Reality Labs”a inteqrasiya üçün “Audio Analytic” startapını satın alıb.
3. Dünyanın ən ağıllı ölkələri bəlli olub
“World Population Review” vebsaytı 2022-ci ilin ən ağıllı ölkələrini elan edib. Yaponiyanın rəhbərlik etdiyi siyahıda Azərbaycan 84-cü, Türkiyə isə 77-ci pillənin sahibi olub.
4. BVF-dən qlobal iqtisadi vəziyyətin pisləşəcəyinə dair xəbərdarlıq gəlib
Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadi perspektivlərin ötən ayki proqnozdan daha bədbin olduğunu qeyd edərək iqtisadi artım proqnozunu 2,7 faizə endirib.
5. Ceff Bezos sərvətinin əksər hissəsini xeyriyyəçiliyə xərcləyəcəyini açıqlayıb
ABŞ-ın e-ticarət nəhəngi “Amazon”un təsisçisi Ceff Bezos hazırda 124 milyard dollar olan şəxsi sərvətinin əksər hissəsini hələ sağ ikən xeyriyyəçilik məqsədilə xərcləməyi planlaşdırdığını bildirib.
6. Dünyada əhalinin sayı açıqlanıb
BMT-nin Əhali Fondunun (UNFPA) 15 noyabr tarixinə olan məlumatına görə, dünyada əhalinin sayı 8 milyard nəfərə çatıb.
7. NASA ən güclü raketini orbitə göndərib
NASA-nın ən böyük kəşfiyyat raketi Artemida (Artemis) adlı kosmik gəmi 16 noyabr tarixində Florida ştatının Kanaveral bölgəsində yerləşən Kennedi Kosmik Bazasından orbitə buraxılıb.
8. "G20 Liderlər Sammiti"ndə ərzaq böhranı ilə bağlı həyəcan siqnalı verilib
Ötən həftə İndoneziyanın Bali şəhərində keçirilən G20 Liderlər Sammitinin “Ərzaq və Enerji Təhlükəsizliyi” sessiyası zamanı yaxın gələcəkdə dünya əhalisinin ərzaq çatışmazlığı ilə üzləşmə ehtimalının olduğu qeyd edilib.
9. Taxil sazişinin müddəti uzadılıb
Ukraynalı nazir Oleksandr Kubrakov Qara dəniz taxıl müqaviləsinin 120 gün müddətinə uzadılacağını açıqlayıb.
10. Afrika İttifaqı G20-yə daimi üzv olmaq istəyir
Seneqalın prezidenti və Afrika İttifaqının (AfB) mövsümi sədri Maki Sal G20 Sammiti çərçivəsində keçirilən “Enerji və Ərzaq Təhlükəsizliyi” sessiyasında çıxışı zamanı təmsil etdiyi təşkilatın G20-nin daimi üzvü olması üçün tələb irəli sürüb ki, gələn il Hindistanda baş tutacaq sammitdə məsələnin müzakirə ediləcəyi açıqlanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!